| Любовь » |
Olamazmı? Olabilir :)
Sitat, son aylar, illər izlədiyim ən təsirli filmlərdən biri olan “Aşk tesadüfleri sever” filmindendir. Düşünseniz ki, yazı da haqqıda çox danışılan bu film haqqında olacaq, yanılırsınız. Necə oldusa birdən xatırladım ilk, doğma blogumu. Və yazmağa qərar verdim.
...
2006-cı ilin iyununda İstanbulda sevimli Lila iti ilə bağlı kiçik foto-postun tarixini 2010-da nədənsə dəyişib önə almışdım; yazılan son şərhləriniz də o postda idi. Köhnə üzvlərdən də birinin dediyi kimi, bir gün yazmışdıq, bir gün oxuyuruq…
Biraz pessimist başlanğıc oldu kimi, ancaq pessimist yox, nostalji deyərdim. Bir gün olmayanları insan xatırlarkən xatirələrə dalıb nostalji hisslərə qapılır ya, ona bənzər...
Tənbəllik etməyib blogumda ilk yazının tarixçəsine baxdım. 15 oktyabr 2005ci il. Bir neçə həftə sonra 6 ili tamam olur. 6 böyük il. 6 yaşında bir uşaq.
Ötən 6 ildə, ötən 5, 4, 3 ildə çox şey, çox şeylər, çox məqam, məqamlar dəyişdi. Bilirəm ki, mənim kimi sizlərin də şəxsi həyatında, tələbəlik həyatında, iş həyatında çoxlu dəyişikliklər olub, olmağa davam edir. Elə dünən izlədiyim “Babam və oğlum” filmində də bənzər sitat vardı, “insan deyişmezmi, değişir” deyə...
Xatırlayıram, ən aktiv vaxtlarında blogumun günlük ziyarətçisi 500-ə çatırdı. 500 unikal izləyici 5 il öncənin AzNet-i üçün çox böyük rəqəm idi. Gün ərzində xeyli sayda şərhlər yazılırdı, hamısını oxuyub cavablandırma istəyim, adətim bu gün sahib olduğum 26 minlik ailəmdə olduğu kimi qalsa da məhz bu ilk blogumun mənim həyatımda rolu böyükdür, ayrıdır, özəldir...
İlk blogum olmağı ilə yanaşı “bir Maybach dünyası” mənim üçün ilk foto işlərimi, həvəskar və peşəkar fotoqrafiyada addığım ilk addımlar, ilk kadrlarım, ilk toy reportajlarımı yayımladığım bir məkan kimi xatirimdə qalıb. Məhz burada illər öncə olan kiçik ailə, az sayda olan izləyicilərimin mənə dəstək verməsi, dəyər verməsi sayəsində mühəndislik peşəm ilə yanaşı marağım və sonsuz sevgim olan bu sənəti yarıda buraxmadım, davam etdirdim bugünədək. Və 6 il öncə bu gün gəldiyim yeri xəyal bilə edə bilməzdimsə, bu gün gəldiyim yerə, bu gün əldə etdiyim uğurlara görə 6 il öncəki izləyicilərimə borcluyam!
“bir Maybach dünyası”… ara sıra fotoqraf e-mailimə yazırlar, “Əyləncə-dəki Maybach sizsiniz”, “Maybach?” və s. Ötən illər ərzində məhz bu blogumdan olan izləyicilərimin, onların yaxınlarını gözəl günlərində iştirak edib xoşbəxt anlarını xatirələrə çevirmək qismət oldu...
Sonra...sonra isə iş həyatı şəxsi həyatımı tamamən sıxışdırdı, asudə vaxtın olmaması, daha sonralar isə səhifənin bir müddətliyə texniki səbəblərdən bağlanması, idarəçi və izləyicilərin Əyləncə-ni buraxıb öz həyatlarına davam etməsi səbəbindən bloga daha çox zaman ayıra bilmədim...
Və, bu gün blogumu yenidən xatırlamaq istəyib hisslərimi bölüşmək istədim. Əyləncə.Az ailəsindən olan üzvləri yenidən bir arada görmək xoş olardı. Şərhlərinizi gözləyəcəm. Yenidən bir araya gəlməmiz mümkün olamazmı? Olabilir
Həmişə sizinlə
Maybach
11 comments
Eylencenin ilk Gorushu mehz bu aya tesaduf etmishdi... gor onu xatirlayan var?? YOX!!